BAKI, 20 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzası zamanı axtarışlara kömək etmək məqsədi ilə iki təyyarə və helikopterdən ibarət 50 nəfərlik xilasedici qrupun göndərilməsi barədə göstəriş verib.
Bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə telefon danışığı zamanı bildirib.
Levitin deyib ki, Putin vəziyyəti əvvəldən izləyir.
İranın birinci vitse-prezidenti yardım göstərməyə hazır olduqları üçün Rusiya hökumətənə və şəxsən Vladimir Putinə təşəkkür edib.
19.05.24, 22:55
Rəisinin itkin düşmüş helikopterinin axtarışına kömək etməyə hazırıq - Rusiya XİN
Moskva itkin düşən vertolyotun axtarışında və insidentin səbəblərinin araşdırılmasında lazımi yardımı göstərməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova göyərtəsində İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahyan olan helikopterin qəzaya uğramasını şərh edərkən deyib.
Daha əvvəl məlum olub ki, vertolyot qəzası ölkənin şimal-qərbində Verzeqan bölgəsində baş verib. Fövqəladə vəziyyətin baş verdiyi əraziyə xilasedicilər göndərilib və hazırda axtarışlar aparılır.
“Biz üçüncü helikopterin sərnişinlərinin taleyi ilə bağlı yayılan məlumatları diqqətlə izləyirik, onların arasında başda prezident Rəisi olmaqla İranın yüksək rütbəli nümayəndələri var. Səmimi qəlbdən ümid edirik ki, onlar sağ-salamatdırlar və onların həyatına, sağlamlıqlarına heç bir təhlükə yoxdur” - deyə Zaxarova Telegram kanalında bildirib.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.