İDMAN

Mayın 21-də Peşəkar Çövkən Liqasında yarışlar başlanır

Ölkəmiz 2028-ci ildəki Olimpiadanın atçılıq yarışlarında iki komanda ilə təmsil oluna bilər.
Sputnik
BAKI, 18 may - Sputnik. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək.
ARAF-dan verilən məlumata görə, yarışda milli atlardan istifadə olunacaq.
Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şoudur. Oyunlara giriş sərbəst olacaq. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı görüş gözləyir.
Qeyd edək ki, çempionatın açılış mərasimi mayın 21-də, saat 14:00-da Binə Atçılıq Mərkəzində baş tutacaq.
Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev çövkən üzrə 2023-cü il Prezident Kuboku yarışının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib ki, 2024-cü ildə Azərbaycanda peşəkar çövkən liqasına start veriləcək.

“Bu yarışda 10-a yaxın komanda mübarizə aparacaq. Mövsüm ərzində bütün komandalar bir-birinə qarşı oyunlar keçirəcək. Bununla da ölkənin mütləq qalibi müəyyənləşəcək. Dekabr ayında isə 11-ci Prezident Kuboku turniri təşkil ediləcək. Bu iki turnirin qalibləri 2025-ci ilin ilk aylarında keçiriləcək Superkubok turnirində iştirak edəcəklər”, - B.Nəbiyev bildirib.

Çövkən yarışları, arxiv
Baş katib Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarında atçılıq idmanında təmsil olunmayacağını deyib.
“Hazırda əsas hədəfimiz 2028-ci ildə Los-Anceles şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunlarıdır. Olimpiadada iki dəfə konkur yarışında iştirak etmişik. Amma artıq dresaj - atsürmə üzrə milli komandamız da var və o, Azərbaycandan kənarda ilboyu təlim-məşq toplanışlarındadır. Ümid edirəm ki, ölkəmiz 2028-ci ildəki Olimpiadanın atçılıq yarışlarında iki komanda ilə təmsil olunacaq”, - deyə Bəhruz Nəbiyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.