BAKI, 13 may — Sputnik. Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinə qarşı sərt ittihamlarla çıxış edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Erməni parlamentari bildirib ki, erməni kilsəsinin 1700 illik mifi dağıdılmalıdır. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə ittiham edib.
“Xalqımız bu fırtınalı dənizdə üzmək üçün 100 ildən artıq köhnə əfsanələri və stereotipləri məhv etməlidir. Baxmayaraq ki, o, dövlətçilik yaratmaqla qismən uğur qazanıb, ancaq bu 1700 illik mifi tamamilə məhv etmək məcburiyyətindədir” - deyə Torosyan sosial şəbəkələrdə yazıb.
Paşinyanın tərəfdarı hesab edir ki, kilsə öz daxili və xarici maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir.
“Bununla da 1700 illik tarixi ərzində erməni dövlətçiliyinin məhvinə kilsənin dəfələrlə təkrarlanan töhfəsinin qarşısı alınacaq” - hakim partiyanın nümayəndəsi bildirib.