BAKI, 11 may — Sputnik. Bundesver qoşunlarının əsas hissəsi gələn ilə qədər Şimali Atlantika Alyansının komandanlığına veriləcək.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Onun sözlərinə görə, 35 minə yaxın hərbi qulluqçu "iki ən yüksək hazırlıq səviyyəsinə" malik olacaq.
Bu bəyanat Pistoriusun ABŞ-a səfəri zamanı verilib. O, Con Hopkins Universitetində əsas nitq söyləyib.
"Biz NATO-nun şərq cinahındakı müttəfiqlərimizi qorumağa xüsusi diqqət ayırırıq. Ucqar Şimaldan Balkanlara, Baltik dənizindən Aralıq dənizinə qədər biz müttəfiqlərin və bütövlükdə NATO-nun təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli resurslar ayırırıq", - nazir bildirib.
Pistorius onu da qeyd edib ki, alman tərəfi alyansın şərq cinahında Bundesverin mövcudluğunu artırır. Xüsusilə, Pistorius Almaniya Silahlı Qüvvələrinin briqadasının Litvada daimi yerləşdirilməsini xatırladıb.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Almaniya Ukraynaya ABŞ istehsalı olan 3 ədəd HIMARS Reaktiv yaylım atəşi sistemi vermək niyyətindədir.