BAKI, 10 may — Sputnik. Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun: "Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır".
O, həmçinin işğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyaların qurulmasından danışıb:
"Şuşada qurulmaqda olan seysmoloji stansiyada müəyyən işlər artıq tamamlanıb. Orada sadəcə stansiyanın özünün quraşdırılması işləri qalıb. Şuşa stansiyası bizə AFAD tərəfindən hədiyyə olunub. Bu, Azərbaycanda artıq 4-cü quyudibi stansiya olacaq. Cəbrayılda da quyudibi stansiyanın quraşdırılması həyata keçiriləcək. Füzulidə, Kəlbəcərdə, Xankəndidə, Laçında, Qubadlıda, ümumiyyətlə azad olunmuş ərazilərin hamısında kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar da qurulacaq, kadrlar da hazırlanacaq, əhali köçürüldükcə işlə təmin olunacaq".