TƏHSİL

Tədrisi digər dillərdə aparılan məktəblərə qəbulun detalları açıqlandı

Mahmudov deyib ki, səhhətinə görə vaxtında müsahibədə iştirak edə bilməyən uşaqlara ikinci dəfə istisna hallarda şərait yaradılır.
Sputnik
BAKI, 10 may — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkədəki səhifəsində keçirdiyi canlı yayımda tədrisi rus dilində aparılan bölmə üzrə uşaqların 1-ci sinfə qəbulu üçün müsahibə mərhələsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahibin suallarını Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov cavablandırıb. T. Mahmudov bildirib ki, mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 8-dən isə müsahibə mərhələsinə başlanılacaq. Müsahibə mərhələsi mayın 30-dək davam edəcək.
T.Mahmudov deyib ki, səhhətinə görə vaxtında müsahibədə iştirak edə bilməyən uşaqlara ikinci dəfə istisna hallarda şərait yaradılır:
"Hər uşaq üçün bir dəfə belə bir imkan yaradılır. Qızılca yaxud hər hansı xəstəliklə bağlı arayış təqdim edən uşaqlar üçün yay aylarında təkrar müsahibə keçirilir".
T.Mahmudov deyib ki, müsahibədə uğur qazana bilməyən uşaqlar Azərbaycan bölməsinə keçib təhsil ala bilər. Əgər israrla rus bölməsində təhsil almaq istəyirlərsə, bu zamna appelyasiyaya müraciət edə bilər. Vətəndaş appelyasiyaya müraciət etdikdə onun müsahibə mərhələsi videoçəkilişə yenidən baxış keçirir:
"Yəni, appelyasiya komissiyası yenidən müsahibə keçirmir. Sadəcə videoçəkilişə təkrar baxış keçirərək qərar verir".