BAKI, 9 may - Sputnik. Azərbaycan Avropaya təbii qaz nəqlinin təmin edilməsində çox böyük rol oynayır. Bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Bolqarıstanın keçmiş energetika nazirinin müavini, beynəlxalq ekspert Yavor Kuyumciyev deyib.
Onun sözlərinə görə, Bolqarıstan əsas qaz tranzit məntəqəsi olduğundan Azərbaycan qazının Avropaya çatdırılmasını təmin etmək üçün ölkənin infrastrukturu sürətlə inkişaf etdirilir.
Mütəxəssis bildirib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir:
"Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstan və Albaniya ərazisindən keçir. Qeyd edək ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan yarımadasına daxil olub. Eyni zamanda, Azərbaycanın təbii qaz ixrac bazarı regionda yerli interkonnektorlar hesabına daha da genişlənib. Hazırda Azərbaycan Bolqarıstanda əsasən bolqar istehlakçılarını qazla təmin edə bilən enerji ixrac edən ölkə kimi tanınır. Bolqarıstan 2022-ci il oktyabrın 1-dən Yunanıstanla interkonnektor vasitəsilə Azərbaycandan təbii qaz alır".
2023-cü ilin aprelində Sofiyada imzalanan “Həmrəylik Halqası” layihəsinə toxunan keçmiş nazir Bolqarıstan üçün açılan imkanlardan da söz açıb. Aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. O, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik Halqası” adlanan təkmilləşdirilmiş qazötürücü sistemlər şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.
Məlumat üçün bildiək ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi əlaqələr artan templə davam edir. Belə ki, ötən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilib ki, bu da 2022-ci illə müqayisədə 2 dəfə çoxdur (2022-ci ildə Azərbaycandan Bolqarıstana qaz nəqli 600 milyon kubmetr olub). Bu il sonuna qədər isə bu həcm 1,5 milyard kubmetrə çatdırılacaq.
Bununla da Azərbaycan qazı Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edəcək. İki ölkə arasında ticarət dövriyyəsinə gəlincə, burada da göstəricilər əhəmiyyətli dərəcədə artıb. Təkcə cari ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon dollara çatıb. Azərbaycanın qeyd olunan dövrdə ixracı isə illik dörd dəfədən çox artaraq 146 milyon dollar təşkil edib.