BAKI, 7 may — Sputnik. "Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır. Halbuki hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəli adlar yazılır".
Bunu deputat Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında "Tütün və tütün məmulatı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, həmin araqların qiyməti də təxminən 3-6 manatdır: "Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir".
"Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmizin Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı olan içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır. İdxal yoxdursa, deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik" - deputat əlavə edib.