SƏHİYYƏ

Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var

Yeganə Abbasova qeyd edib ki, bu günə qədər beyin ölümü gerçəkləşən heç bir xəstənin orqanlarının transplantasiyasına yaxınları tərəfindən icazə verilməyib.
Sputnik
BAKI, 1 may — Sputnik. Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var.
Bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, bu sahədə davamlı olaraq maarifləndirmə işləri aparılır, reanimatoloqlar ilə təlimlər keçirilir:
"Hazırda Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçən insanlar var, lakin onların sayı çox azdır".
Yeganə Abbasova qeyd edib ki, bu günə qədər beyin ölümü gerçəkləşən heç bir xəstənin orqanlarının transplantasiyasına yaxınları tərəfindən icazə verilməyib:
"Türkiyə təcrübəsinə baxsaq, orada Koordinasiya Mərkəzi yaradıldıqdan 30 il sonra ilk beyin ölümü gerçəkləşən xəstənin orqanları transplantasiya edilib. Yəni bu, Azərbaycan üçün yeni bir prosesdir. Hazırda Azərbaycanda 4000 dializ xəstəsi var. Transplantasiya üçün növbədə olanlara gəldikdə isə, ilk növbədə böyrək transplantasiyası gözləyənlərin sayı üstünlük təşkil edir. İkinci yerdə sümük iliyi, üçüncü yerdə qara ciyər transplantasiyası gözləyənlər dayanır. Hazırda Azərbaycana orqan idxalı da həyata keçirilir. Belə ki, hazırda yalnız buynuz qişa xaricdən idxal olunur".