Rusiya investisiyaları Bakının tikinti materialları idxalından asılılığını azaldacaq
Bu ilin yazında Rusiyanın 39 regionunda müşahidə olunan daşqınların Rusiya Federasiyasından gələn tikinti materiallarının qiymətlərini artıracağı gözlənilir. Azərbaycan qiymət artımı ilə necə mübarizə aparacaq?
SputnikBAKI, 30 aprel — Sputnik. Tikinti materialları Rusiya Federasiyası və Ukrayna arasında mövcud geosiyasi vəziyyət də daxil olmaqla, son iki ildə bütün dünyada sürətlənmiş inflyasiya ilə üzləşmiş məhsul qruplarından biridir.
Dünya bazarında tikinti materiallarının qiymətinə ənənəvi olaraq ağac, taxta, sement, beton və digər məhsulların ən böyük tədarükçüsü olan Rusiyanın daxili bazarındakı qiymətlər təsir göstərir.
Bu ilin yazında Rusiyanın 39 regionunda müşahidə olunan daşqınların Rusiyadan tikinti materiallarının ixrac qiymətlərini artıracağı gözlənilir. Federal Antiinhisar Xidməti (FAX) Orenburq, Kurqan, Tümen vilayətləri və Altay diyarında tikinti materialları istehsalçılarına daşqınlar səbəbindən əsassız qiymət artımının yolverilməzliyi barədə xəbərdarlıq etsə də, ekspertlər qiymətlərin, xüsusən də ixrac qiymətlərinin artacağını gözləyirlər.
Rusiya Azərbaycana tikinti materiallarının əsas tədarükçüsüdür
Ekspert Xalid Kərimlinin sözlərinə görə, Rusiyada tikinti materiallarının bahalaşması hələ daşqınlardan əvvəl başlayıb - ötən ilin iyul ayından Rusiya taxta və tikinti materiallarının qiymətləri az qala 40-50% artıb.
"Rusiyada, xüsusən də ağacın bahalaşması Azərbaycanda da qiymətlərə təsir edəcək, çünki ölkəyə gətirilən taxta-şalbanların əksəriyyəti Rusiya Federasiyasından və Belarusdan gətirilir. Bu tendensiyanın davam edəcəyi gözlənilir", - Kərimli "Sputnik Azərbaycan"a bildirib.
Bununla yanaşı, ekspert qeyd edib ki, mebel daha da bahalaşacaq, çünki onun istehsalçılarının xərcləri nəzərəçarpacaq dərəcədə artacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov da hesab edir ki, Azərbaycanda tikinti materiallarının qiymətlərini Rusiyanın daxili bazarındakı qiymətlər müəyyən edir. Qonşu ölkədə qiymətlərin qalxması və ya logistika xərclərinin artması dərhal Azərbaycan bazarında qiymətlərin artmasına gətirib çıxarır.
"Rusiyada qiymətlər qalxarsa, o zaman bizdə də qiymət artımı gözləməliyik, xüsusən də Rusiya Federasiyasından gətirilən ağacın qiymətində. Lakin qiymət artımı bütün tikinti materiallarına təsir etməyəcək, çünki onların bəziləri Azərbaycanda istehsal olunur", - Bayramov "Sputnik Azərbaycan"a bildirib.
Azərbaycanda tikinti materiallarının istehsalı nəzərəçarpacaq dərəcədə artır - 2024-cü ilin yanvar-mart aylarının yekunlarına görə, ölkədə ötən ilin müvafiq dövründəki 216 milyon manata qarşı 274 milyon manatlıq məhsul istehsal edilib.
Xüsusilə, sement, yığma beton konstruksiyaları, tikinti şüşələri, kərpic, gips, hazır beton kimi məhsulların istehsalı artıb.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının bu sektoru son bir neçə ildə artım nümayiş etdirir - 2023-cü ilin sonunda ölkədə 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.
Şübhəsiz ki, ölkədə tikinti materialları istehsalının artmasına təkan 2020-ci ildən işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa işləri olub.
Eyni zamanda, yerli istehsalçılar öz məhsullarını dünya bazarına çıxarmağı planlaşdırırlar - Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası bundan əvvəl Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistana ixrac planlarını açıqlamışdı.
İxracı, xüsusilə, Rusiya investisiyalarının iştirakı ilə fəaliyyətə başlayan tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlərin sayının artması sayəsində yaxşılaşdırmaq olar. Belə ki, bir müddət əvvəl Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirmişdi ki, Rusiya şirkətləri ölkədə yeni tikinti materialları istehsalının yaradılması üçün investisiya layihələri həyata keçirirlər.
"Ötən il Sankt-Peterburqdan olan bir şirkət Azərbaycan bazarında tələbat olan istilik izolyasiya materiallarının istehsalına başlayıb. Novosibirsk kompozit örtük panellərinin istehsalçısı isə hazırda Ələt azad iqtisadi zonasında müasir zavod qurur. "Uhom" tikinti hipermarketinin daha bir layihəsini Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi yanında Biznes klubunun üzvü Azərbaycanda həyata keçirir", - Mirsayapov bildirib.
O əlavə edib ki, tikinti materiallarının istehsalı və tədarükü xətti ilə qarşılıqlı fəaliyyət çox aktualdır, çünki Azərbaycanda sənaye istehsalı və mülki tikintinin həcmi artır, Qarabağ iqtisadi rayonunda, o cümlədən rusiya istehsalı olan məhsullardan istifadə etməklə əhəmiyyətli layihələr həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.