BAKI, 26 aprel — Sputnik. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün tarixi razılaşdırılır.
Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O deyib ki, ölkəsi Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.
"Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik" - XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, fevralın 28-də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində ikitərəfli görüş keçirilib.