DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda daşqınlar üzündən 8,5 min insan təxliyə məntəqələrində qalır

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb olunub.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

"Bu saatadək 31112 nəfər öz evlərinə qayıdıb. Eyni zamanda 8566 nəfər, o cümlədən 3718 uşaq hələ də təxliyə mərkəzlərində qalır. Ümumilikdə isə mart ayından bəri 119 mindən çox insan daşqın zonalarından təxliyə edilib" - Askar Şarip bildirib.

Onun sözlərinə görə, hazırda respublikanın Atırau, Aktobe, Qərbi Qazaxıstan və Şimali Qazaxıstan vilayətlərində daşqınlara qarşı mübarizə tədbirləri davam edir. Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində Jayık (Ural) çayının səviyyəsində tədricən azalma müşahidə olunur. Daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb olunub.
Xatırladaq ki, mart ayının sonu - aprelin əvvəlində Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib. İyirmi rayonda respublika və region səviyyəli operativ qərargahlar fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.