BAKI, 21 aprel — Sputnik. "Turizm mövsümü ərəfəsi turistlər turpaketlər alarkən diqqətli olmalıdırlar. Biz hər il turizm mövsümündən əvvəl turistlərə çağırış edirik ki, turistlər turpaketləri alarkən seçdikləri turizm şirkətini araşdırsınlar".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib.
G.Qəhrəmanov deyib ki, Assosiasiyaya üzv olan turizm şirkətləri daha etibarlıdır. Çünki, həmin şirkətlər Assosiasiyaya üzv olmaq üçün müəyyən meyarlara cavab verməlidirlər. Həmsöhbətimiz deyir ki, bunun üçün onlara müəyyən standartlar qoyulur. Onun sözlərinə görə, Assosiasiyanın üzvü olan turizm şirkətlərinin ofislərinin qarşısında stikerlər qoyulur. Müştərilər QR kodlarla şirkət barədə məlumat əldə edilə bilərlər.
"Turistlər tur paket alarkən mütləq müqavilə bağlamalıdırlar. Bu müqavilədə hər iki tərəfin öhdəlik və vəzifələri qeyd edilir. Bundan əlavə data.tourism.gov.az saytında reyestrdə qeydiyyatdan keçən turizm şirkətləri etibarlı və tövsiyə ediləndir. Həmçinin turistlərə tur şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik", - Göydəniz Qəhrəmanov bildirib.
O, əlavə edib ki, turistlər daha çox ucuz tur paketlərə üstünlük verirlər.
Assosiasiya rəhbəri deyir ki, elə turizm şirkətləri var ki, ofisləri belə yoxdur: "Onlar evdən, yaxud da hər hansı kafedən xidmət göstərirlər. Belə şirkətlərdən tur paketlər aldıqda aldatma halları çox olur. Şikayət olduqda isə, onları axtarıb tapmaq olmur. Nəticədə turistlərin səfərləri pozulur".
G.Qəhrəmanov onu da bildirib ki, böyük qiymət fərqi olan, ucuz tur paketlərdən çəkinmək məsləhətdir:
"Çünki, otellərin qiyməti standart olur. Turizm şirkətləri 3-4 faiz endirim edə bilirlər. 20-30 faiz endirim edən turpaketlərdən çəkinmək lazımdır. Çünki, belə turpaketlərdə aldanma riski böyükdür".
Qeyd edək ki, yaz-yay istirahət fəsli olduğundan, bu aylarda səyahət etmək üçün turizm şirkətlərinin xidmətlərindən yararlananların da sayı artır.