BAKI, 18 aprel — Sputnik. Dünya bazarında qızılın qiymətinin rekord həddə çatması yerli qızıl bazarında da qiymətlərə təsir edib. Sputnik Azərbaycan paytatxda yerləşən ən böyük qızıl satışı obyektlərindən olan "Moskva Univermağı"nda qızılın qiyməti ilə bağlı reportajını oxuculara təqdim edir.
Satıcılar Sputnik Azərbaycan-a bildiriblər ki, qızılın qiymətində əyarına görə 10-20 manat civarında bahalaşma var. Onlar bir aydır ki, qızılın qiymətində bahalaşma müşahidə olunduğunu bildiriblər.
"585 əyar qızılın qramı 105 manatdır. 585 əyar qızıl 10-15 manatadək bahalaşıb. 750 əyar İtalyan qızılının qiymətində isə 20 manat bahalaşma var. Hazırda italyan qızılının bir qramının qiyməti 140-150 manatdır. Bu proses bir aydır davam edir. Qızılın qiyməti dünya bazarında bahalaşdığından, bizdə də qiymətlər artır", - satıcılar bildiriblər.
Onlar qızılın qiyməti bahalaşdıqca alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər. Onlar bildiriblər ki, zinnət əşyalarının dəstinin qiyməti istehsalçı firmaya və ölkəyə görə dəyişir.
Satıcılar son bir aydır ki, qızılın bazarında durğunluq yaşandığını da bildiriblər. Onların sözlərinə görə, Ramazan ayı ilə əlaqədar qızılın alışı toylar az təşkil olunduğu üçün azalıb. İndi isə dünya bazarında qızılın qiymətinin bahalaşması insanların alıcılıq qabiliyyətini aşağı salıb.
Alıcılar da qiymətin bahalaşmasından narazılıqlarını ifadə ediblər. Övladını evləndirməyə hazırlaşan Samirə Qurbanova Sputnik Azərbaycan-a bildirib ki, briliyant dəstlərin qiyməti də qızıl bahalaşdığı üçün artıb.
"Keçən ilin sentyabrında brilyant dəstlər 3500 manata satılırdı. İndi 4200-4300 manatdan ucuz dəst tapmaq olmur. Oğul evləndirmək də valideynlər üçün çətinləşir. Ona görə çox adam məcbur olub öz qızıllarını gəlinə bəxşiş kimi verir", - alıcı bildirib.
Qızılın satış qiyməti artsa da, alış qiyməti o qədər də baha deyil. Qızılın alış-satışı ilə məşğul olan zərgərlər Sputnik Azərbaycan-a bildiriblər ki, 585 əyar qızılın bir qramını 75 manata alırlar. 750 əyar qızılın lom alış qiyməti 95-96 manatdır. 3 qram çəkidə qızılın alış dəyəri 585 əyarda 320-340 manat, 750 əyarda isə 400 manat təşkil edir. Zərgərlər bir neçə ay öncə qızılın qramını 67 manatdan aldıqlarını, lom alış qiymətlərində də bahalaşma olduğunu söylədilər.
Qeyd edək ki, qızılın qiymətində bu gün rekord bahalaşma qeydə alınıb. Birja məlumatlarına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,86% artaraq 2 403,6 ABŞ dollarına bərabər olub.