BAKI, 17 aprel — Sputnik. ABŞ dövlət borcunun artması səbəbindən iqtisadiyyatını defoltdan xilas etmək üçün yeni hərbi münaqişələri qızışdırmaqda davam edəcək.
Bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Siyasətçi özünün "Telegram" kanalında ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinad edərək, martda ölkənin büdcə kəsirinin 236 milyard dollar təşkil etdiyini göstərib. Büdcənin, təxminən 28%-i dövlət borcuna gedir ki, bu da 34 trilyon dollardan çoxdur.
"Xidmət xərcləri ən problemli xərc maddəsinə çevrilib: yaxın gələcəkdə faiz ödənişlərinin məbləği ABŞ büdcə gəlirlərinin üçdə birini təşkil edəcək" - Volodin qeyd edib.
Bundan əvvəl "The American Spectator" jurnalı öz məqaləsində qeyd edib ki, Birləşmiş Ştatlar artan milli borc səbəbindən öz fövqəldövlət statusunu itirmək riski ilə üzləşib və ABŞ-ın mövcud iqtisadi vəziyyəti dəyişə biləcək "inandırıcı lider"ə ehtiyacı var.
Xatırladaq ki, konqresin Büdcə Ofisi ABŞ-ın milli borcunun 2034-cü ilin sonuna qədər ÜDM-in 116%-nə, 2054-cü ilə qədər isə ÜDM-in 174%-nə çatacağını ehtimal edir. 2024-cü ilin yanvarında ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb.