BAKI, 16 aprel — Sputnik. Ölkənin ən böyük partiyası olan İsveçrə Xalq Partiyası (İXP) dövlətin Rusiyanın suveren aktivlərinin tapılması və dondurulması səylərində G7 ölkələrinə qoşulmasına qarşı çıxıb.
Bu barədə partiyanın mətbuat xidmətinin bəyanatında deyilir.
Əvvəllər İsveçrə Xalq Partiyası REPO-da (Rusiya Elitləri, Proksilər və Oliqarxlar) iştirak etməyə dəvət olunurdu. Partiya bu "işgüzar qrupa" qoşulmağın İsveçrənin neytrallığı ilə bir araya sığmadığını qeyd edərək təklifi rədd edib.
İXP nümayəndələri, həmçinin ölkənin suverenliyinin vacibliyinə də diqqət çəkiblər. Partiya NATO ölkələrinin hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniyanın 2022-ci ildə təklif etdiyi "Avropa Göy Qalxanı" təşəbbüsündə iştirakın əleyhinədir.
Kreml rəsmisi Dmitri Peskov "aif.ru"ya bildirib ki, Moskva Avropa Birliyinin Ukraynanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə maliyyələşdirmək cəhdlərinə bu və ya digər şəkildə cavab verəcək.
"Reuters" agentliyi yazıb ki, Rusiyanın cavabı Avropanın əsas qiymətli kağız depozitarisi olan Euroclear platformasının iflasına səbəb ola bilər.