CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan bayramında nə qədər sərnişin daşınıb?

Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Ramazan bayramında 43 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan daxil olan məlumatda bildirilib.
Qeyd edilib ki, Ramazan bayramında əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.
Ümumilikdə isə bayram günlərində BBAK-dan 1599 reys həyata keçirilib, 43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 8745 sərnişin "biletim.az" portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.