BAKI, 15 aprel — Sputnik. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.
Belə ki, "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla, 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə qeydə alınıb. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir. Xəzər dənizinin suyunun azalması bütün sahilyanı ərazilərimizdə hiss olunur.
Paytaxt Bakı ilə yanaşı, cənub istiqamətində, Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib.Hazırda Xəzər dənizində səviyyə tarixi minimuma, yəni 29 metrə yaxınlaşmaqdadır. Elmi proqnozlara görə, Xəzər dənizinin səviyyəsi mənfi 33 metrədək enəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.