BAKI, 8 aprel — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində "N" hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən bildiriblər ki, plana uyğun olaraq xəritə üzərində icra ediləcək tapşırıqlar dəqiqləşdirildikdən sonra bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb, eləcə də qəbul edilən qərarlara dair komandir heyətinin məruzələri dinlənilib.
Müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi ilə bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni daha da təkmilləşdirmək məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.