BAKI, 8 aprel — Sputnik. Qərbin məqsədi Belarusun "ən azı bir hissəsini" ələ keçirmək və ora xarici qoşunlar göndərməkdir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"İnformasiya müharibəsi gedir, ilk növbədə mediada. İqtisadi müharibəni isə başqa cür adlandırmaq olmaz. Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər uğur qazanmışıq. Düşünürəm ki, biz toqquşmanın qarşısını almaq üçün hər şeyi edə bilərik, Belarus ərazisində həmişə belə olub", - Belta dövlət agentliyi Lukaşenkodan sitat gətirir.
O qeyd edib ki, bu toqquşmanın təşəbbüskarları Qərbə gedən Belarus müxalifətçiləridir.
"Biz onların orada nə etdiyini yaxşı bilirik. Onlar ABŞ-dan tutmuş Brüsselə qədər müxtəlif qərar qəbuletmə mərkəzlərinə, məsləhətçilərə qaçaraq pul istəyirlər. Kuratorlar onlara deyirlər ki, uşaqlar, biz artıq mediada olmuşuq, bizə daha qaynar bir şey lazımdır. Bu Moskvadakı "Krokus Siti" kimi terror aktları. Belarusda silahlı qarşıdurma. Məqsəd Belarusa girib heç olmasa bir torpaq sahəsini zəbt etmək, öz hakimiyyətini elan etmək və xarici qüvvələri bura dəvət etməkdir" - Belarus lideri bildirib.