BAKI, 6 aprel - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya çıxması məsələsinə münasibət bildirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Məlumatda bildirilib ki, 1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər - Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər.
Xocalıda kütləvi məzarlıq
© Photo : AZERTAG
“Ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb. Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir", - açıqlamada bildirilir.
Ombudsman bir daha xatırladıb ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib.
"Eyni zamanda, bu günədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınıb”, - deyə açıqlamada qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.