HADİSƏ

Ağdamda partlayış: ANAMA əməkdaşı xəsarət alıb

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb. Bu barədə ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

"Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur", - məlumatda vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparan zaman Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev minaya düşmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.