BAKI, 5 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a mayın əvvəlinə planlaşdırılan səfəri zamanı ABŞ lideri Co Baydenlə Ukrayna böhranını və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcək. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, səfərin gündəliyində duran məsələlər arasında ikitərəfli və regional əməkdaşlığa xüsusi diqqət yetiriləcək. "Gündəmin başında Qəzza məsələsi var və Ukrayna məsələsi də gündəmdə olacaq. Bu iki müharibə bizim regionumuza təsir edir, qlobal böhran xətlərini təhrik edir və digər risk sahələri yaradır", - Fidan bildirib.
"Prezidentimiz bundan sonra da bu problemlərə diqqət çəkəcək və bu məsələlərə həssaslığımızı vurğulayacaq".
Ərdoğanın ABŞ-a səfəri mayın 9-na planlaşdırılıb.