BAKI, 3 aprel — Sputnik. Azərbaycana birbaşa xarici investisiya qoyuluşu artır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 6,7 milyard dollar təşkil edib. Bu, 2022-ci illə müqayisədə 6,1 faiz çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69,9 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2 milyard dollar olub.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 5 ölkə aşağıdakılardır:
- Böyük Britaniya (1,9 milyard dollar),
- Türkiyə (1,3 milyard dollar),
- Kipr (792 milyon dollar),
- Rusiya (617 milyon dollar),
- İran (396 milyon dollar).
Birbaşa xarici investisiyaların artmasının səbəbi və əhəmiyyəti nədir? Ekspertlər nə düşünürlər?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, ölkəyə xüsusən də birbaşa investisiyaların yatırılması mühüm əhəmiyyət daşıyır: "Çünki birbaşa investisiyalar uzunmüddətli dövr üçün qoyulur, eyni zamanda rəqabəti artırır, ölkəyə beynəlxalq bilik və texnologiyalar gətirir. Həm neft-qaz sektoruna həm də qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi müsbətdir. Amma neft-qaz sektoruna daha çox xarici investisiya yatırılır. Çünki bu əmtəələrin bazarı var, satış riskləri aşağıdır, dövlət bu sahədə olan investisiya müqavilələrinə zəmanət verir".
İqtisadçı-ekspert Xalid Kərimli
© Photo : Social media page of Khalid Kerimli
Ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycana investisiya qoyuluşunu daha da artırmaq mümkündür. Digər tərəfdən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycanın investisiya cəlbediciliyi nisbətən artıb.
"Ölkəyə beynəlxalq bilik və təcrübələr gətirilir"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, birbaşa xarici investisiyaların artması Azərbaycan iqtisadiyyatı üçün çox müsbətdir: "Çünki birbaşa xarici investisiyaların qoyulması ilə ölkəyə beynəlxalq bilik və təcrübələr gətirilir. Birbaşa xarici investisiya o deməkdir ki, ölkədə beynəlxalq dəyər zənciri formalaşır. Əksər hallarda ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar uğurlu olur".
İqtisadçı ekspert - Emin Qəribli
© Photo : From the personal archive of Emin Garibli
O, bildirib ki, son dövrlərdə Azərbaycanda aparılan islahatlar (Ələt azad iqtisadi zonasının yaradılması və s.), regionda ölkəmizin yetərincə nüfuza malik olması xarici investorlarda inam yaradıb və onlar respublikamıza investisiya qoyurlar.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qoyulan xarici investisiyaların gələcəkdə artacağını gözləyirəm", - ekspert əlavə edib.
Rusiyadan Azərbaycana investisiya qoyuluşu artıb
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyanın məbləği illik müqayisədə 19,1 faiz artıb. Keçən il Rusiya Azərbaycana 617 milyon dollar məbləğində birbaşa investisiya yatırıb.