BAKI, 2 aprel — Sputnik. İsveç üçün NATO-ya üzv olmaq prioritetlərdə riskli və baha başa gələn dəyişiklikdir, ölkə vətəndaşlarının buna heç ehtiyacı yoxdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
Diplomat bildirib ki, İsveç xalqının ümumiyyətlə ölkənin NATO-ya üzv olmasına ehtiyacı yoxdur. Buna görə də üzvlüklə bağlı referendum təşkil edilməyib. Nazirliyinin rəsmi nümayəndəsi əminliklə bildirib ki, Stokholmdakı Vaşinqton yönümlü müvəqqəti hökumətdən başqa heç kim alyansa qoşulmaq istəməyib və hazırda da istəmir.
Zaxarova isveçlilər arasında aparılan sorğunun məlumatlarına istinad edərək qeyd edib ki, hər beş vətəndaşdan üçü İsveç qoşunlarının NATO-təlimlərində və ya hərbi əməliyyatlarında iştirak etmək perspektivinə qarşıdır. Diplomat vurğulayıb ki, Stokholmun NATO-ya üzv olmaq qərarı "isveç cəmiyyətini qütbləşdirib".
Xatırladaq ki, İsveç martın 7-də Şimali Atlantika Alyansına qoşulmasına dair protokolunun qüvvəyə minməsindən sonra rəsmi olaraq NATO-ya üzv olub. Ölkə hərbi-siyasi blokda sayca 32-ci müttəfiq olub.
Moskva dəfələrlə Avropada müttəfiq qüvvələrin artması ilə bağlı narahatlığını ifadə edib. Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli olan hərəkətləri də diqqətdən kənarda qoymayacaq. Həmçinin Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Rusiya Avropa və ya NATO ilə döyüşmək və ya onların daxili işlərinə qarışmaq niyyətində deyil.