BAKI, 2 aprel — Sputnik. Türkiyədə hakim partiya təqaüdçülərə görə yerli seçkilərdə məğlub olub. Bu barədə Hürriyyət qəzeti yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl etiraf edib ki, hakim Ədalət və İnkişaf Partiyası yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istənilən nəticəni əldə edə bilməyib, nəticələr təhlil olunacaq.
"Bu seçkilər təqaüdçü bayrağı altında keçirildi. Dolanışığındakı problemlərdən çox narahat olan təqaüdçülər müxalifətə səs verdilər və hökumətə xəbərdarlıq etdilər. Pensiyaçılar hakim partiyanın (AK Parti) təbii dəstəyi idi. Dövlət qulluqçularının maaşlarının şişirdilmiş artımından sonra onların ədalət hissi incinmişdi", - nəşr yazır.
Bəzi pensiyaçıların seçki məntəqələrinə gəlməməsi səsvermədə fəallığın az olmasının səbəblərindən biri kimi göstərilir.
Martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyur. Böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını saxlayıblar. Ekspertlər hakim komandanın uğursuzluğunun səbəbi kimi ölkədəki ağır iqtisadi vəziyyəti göstəriblər, onların proqnozlarına görə, bu uğur fonunda müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edə bilər.