BAKI, 2 aprel — Sputnik. "Əfv Məsələləri Komissiyası bütün məhkumların müraciətlərinə baxdıqdan sonra rəy alaraq prezidentə təqdim edəcək. Əfvetmə zamanı Əfv Komissiyası haqqında əsasnaməyə uyğun olaraq kriteriyalar nəzərə alınaraq şəxslər barəsində Komissiya üzvüləri öz rəylərini verəcəklər".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
O, deyib ki, aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclasının keçirilməsi nəzərdə tutulur. Mayda Əfv sərəncamının imzalanacağı gözlənilir.
Amma Nuriyev, bununla bağlı müstəsna hüququn ölkə prezidentində olduğunu söyləyib:
"Əfv siyahısında kimlərin olacağı, qərarın nə zaman veriləcəyi də prezident tərəfindən müəyyən edilir. Çünki, əfv hüququ birbaşa ölkə başçısının müstəsna səlahiyyətlərinə aiddir. Ona görə də, son qərarı prezident verəcək".
Kimlərin əfv sərəncamına düşmə şansına gəlincə, Komissiya üzvü deyib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar edilmiş cinayətləri törədənlər əfv olunmur: "Çünki, dövlət narkotik maddələrin qanunusuz dövriyyəsinə qarşı ciddi mübarizə aparır. Bu cəza siyasətinə də xələl vura bilər".
Nuriyevin sözlərinə görə, mayda imzalanması gözlənilən əfv sərəncamı sayca 69-cu əfv sərəncamı olacaq.
Komissiya üzvü indiyədək əfv sərəncamlarının 10 minə yaxın məhkuma şamil edildiyini söyləyib. Bildirib ki, əfv sərəncamları nəticəsində 5 minə qədər şəxs cəzadan azad edilib və ya cəza müddəti azaldılıb.
Qeyd edək ki, dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalayacağı gözlənilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci ilin mayın 27-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub.