BAKI, 1 aprel — Sputnik. Bu gün dövlət tibb müəssisələrində 201 nəfər psixiatr çalışır. Əvvəllər bu rəqəm 533 idi.
Bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.
O bildirib ki, bu gün aqressiya, depressiya, panik atak hallarının gənclər arasında artması kifayət qədər həyəcanlı xəbərlərdir.
Onun sözlərinə görə, bir çox xəstəxanalarda xəstələr aylarla, illərlə qalır:
"Qanunvericiliyə əsasən, üç həkimdən ibarət komissiya xəstənin qohumunun icazəsi olmadan da onu evə buraxa bilər. Amma həkimlər bunu edə bilmir. Çünki qohumlar həkimlərə hədə-qorxu gəlir. Həkimə deyirlər ki, o, bir hadisə törətsə, buna cavab verəcəksinizmi? Hətta onların pensiya kartlarını da özlərində saxlayırlar".