RUSİYA

Rusiya DİN: Əcnəbilərin Rusiyada qalma müddəti ildə 90 günə endirilir

Bildirilib ki, qanun layihəsi çərçivəsində xarici mütəxəssisləri işə cəlb edən işəgötürənlər üzərində nəzarət gücləndiriləcək.
Sputnik
BAKI, 1 aprel - Sputnik. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətinin sərtləşdirilməsinə dair qanun layihəsi üzərində işi başa çatdırıb. Miqrantların Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında qeyd edib.
"Qanun Rusiya Federasiyasına girərkən şəxsin biometrik identifikasiyasının tətbiqi, xarici vətəndaşların Rusiya ərazisində qısamüddətli qalma müddətinin təqvim ili ərzində 90 günə endirilməsi üçün hüquqi əsaslar müəyyən edir", - Rusiya DİN rəsmi nümayəndəsi bildirib.
Həmçinin qanun layihəsi çərçivəsində xarici mütəxəssisləri işə cəlb edən işəgötürənlər üzərində nəzarət gücləndiriləcək.
Bundan əlavə, qanun müasir rəqəmsal nəzarət vasitələri və üsulları ilə xarici vətəndaşların ölkə ərazisinə girişinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Bütün əmək miqrantları üçün məcburi barmaq izi və foto, habelə Rusiyada qalma hüququnu təsdiqləyən vahid sənəd standartı tətbiq olunur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda qeyd edib ki, hazırda ölkədə miqrasiya və beynəlxalq siyasət üzrə idarənin yaradılması ilə bağlı heç bir rəsmi qərar yoxdur.