CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcili tibbi yardım vertolyotları alınsın - Deputatdan təklif

Qüdrət Həsənquliyev xatırladıb ki, Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar.
Sputnik
BAKI, 29 mart — Sputnik. Milli Məclisin xüsusi iclasının çağırılması təklif edilib.
Bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
O bildirib ki, Rusiyada baş verən son hadisədən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb: "Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edirəm. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Parlament həm də çağırışçı orqandır. İclas qapalı da keçirilə bilər".
Deputat təcili tibbi yardım vertolyotlarının alınmasının vacibliyini vurğulayıb: "Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar. Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm".
Xatırladaq ki, martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da konsertdən əvvəl atışma və yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub. Martın iyirmi dördü Rusiyada ümummilli matəm günü elan edilib.
Rusiya Prezidenti qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.