DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kahramanmaraşda bir sıra küçələrə Azərbaycanın şəhidlərinin adları verilib

Otuz doqquz küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib.
Sputnik
BAKI, 28 mart — Sputnik. Türkiyədə 2023-cü il 6 fevral zəlzələlərindən sonra Kahramanmaraş vilayətində azərbaycanlı iş adamlarının qurduğu konteyner şəhərdə bir sıra küçələrə Azərbaycanın şəhərlərinin və şəhidlərinin adları verilib.
"Turkic World"-un verdiyi məlumata görə, bu çərçivədə bəzi Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı "Qardaş Köməyi" platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi qurulub.
Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilən və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib.
Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adlarının yaşadıldığı küçələr müvəqqəti sığınacaqda məskunlaşan zəlzələ qurbanlarını qürurlandırır.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.