ELM

Beyninə Neuralink implantı yerləşdirilmiş adam düşüncənin gücü ilə paylaşım edib - Mask

Telepatiya cihazı sahibinə düşüncə gücündən istifadə edərək smartfon və ya kompüteri idarə etmək imkanı verir
Sputnik
BAKI, 25 mart - Sputnik. ABŞ milyarderi İlon Mask Neuralink bədəninə implant yerləşdirilmiş şəxsin düşüncə gücündən istifadə edərək X sosial şəbəkəsində yazı yazdığını bildirib.

"Tarixdə ilk yazı Telepatiya cihazından istifadə edərək, sadəcə düşüncənin gücü ilə hazırlanıb", - deyə Mask qeyd edib.

Xatırladaq ki, yanvar ayında Mask, insanın beyninə ilk dəfə Neuralink implantı yerləşdirildiyi və onun vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Biznesmenin sözlərinə görə, cihazın işləməsi ilə bağlı əldə edilən ilk məlumatlar ümidverici nəticələr göstərir.
ABŞ milyarderi İlon Mask, arxiv
Mask daha sonra yazıb ki, yeni Neuralink cihazı Telepatiya (Telepathy) adlanır. O, sahibinə düşüncə gücündən istifadə edərək smartfon və ya kompüteri idarə etmək imkanı verir və ilk növbədə öz bədən üzvlərindən istifadə etmək qabiliyyətini itirmiş insanlar üçün yaradılıb.
Bir gün əvvəl implant olan ilk xəstə düşüncələrinin gücü ilə necə şahmat oynadığını nümayiş etdirib. Əvvəllər ABŞ səhiyyə müfəttişləri Maskın Kaliforniya mərkəzində heyvanlar üzərində aparılan təcrübələrin uçotunun aparılması və keyfiyyətə nəzarət ilə bağlı problemlər aşkar etmişdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.