BAKI, 23 mart - Sputnik. Tacikistan Xarici İşlər Nazirliyi KİV-dən Crocus City Hall-da terror aktını törədənlər haqqında yoxlanılmamış və etibarsız məlumat yaymaqdan çəkinməyi xahiş edir. Bu barədə RİA Novosti-yə Xarici İşlər Nazirliyinin informasiya departamentinin rəhbəri Şoxin Səmədi bildirib.
“Biz rusiyalı jurnalistlərdən “Krokus Siti Holl”da terror aktını törədənlər haqqında yoxlanılmamış və etibarsız məlumatlar yaymaqdan çəkinmələrini xahiş edirik, çünki müxtəlif qeyri-rəsmi kanallarda çoxlu yalanlar var”, - deyə nazirlik rəsmisi bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “Hazırda Rusiyadakı diplomatik nümayəndəliyimizə Moskva yaxınlığındakı “Krokus Siti Holl” kompleksində törədilmiş dəhşətli terror aktı nəticəsində yaralanan və həlak olanlar arasında Tacikistan vətəndaşları barədə məlumat daxil olmayıb”.
Səmədi onu da əlavə edib ki, Tacikistanın Moskvadakı səfirliyi Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə daimi əlaqə saxlayır.
İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.
Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.