BAKI, 23 mart - Sputnik. Ağ ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.
Bu barədə “Reuters” məlumat yayıb.
"ABŞ prezidenti Co Bayden Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı məlumatlandırılır, ABŞ hakimiyyəti baş verənləri izləyir" - ABŞ Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
"Prezidentə baş verənlərlə ("Crocus City Hall"da - red.) bağlı məlumat verilir - Kirbi Fox News-da deyib.
Xatırladaq ki, martın 14-də ABŞ-ın Rusiyadakı səfirliyi Moskvada “yaxın iki gündə” terror təhlükəsi ilə bağlı xəbərdarlıq yaymışdı.
Bu gün isə Ağ Ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə günahlandırıb.
“Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-ın bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o, dərhal Rusiya tərəfinə ötürməlidir” – diplomat Teleqram kanalındakı hesabında yazıb.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib.
FTX-nın yaydığı ilkin məlumata görə, terror aktı nəticəsində 40-dan çox dinc insan ölüb, 100-dən çox adam yaralanıb.
Xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıldığını bildirib.