CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qidadan zəhərlənənlərin hüququnu qorumaq olmur - AİB sədri

Birlik sədri bu sahədə də istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu söyləyib.
Sputnik
BAKI, 22 mart — Sputnik. Azərbaycanda istehlakçı hüququnun pozulması ilə bağlı ən çox şikayət elektronika satışı ilə məşğul olan mağazalardandır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. E. Hüseynov deyib ki, məişət avadanlıqlarının satışı ilə bağlı çoxsaylı şikayətlər daxil olur.
Eyyub Hüseynov
"AİB-ə hər gün məişət cihazlarının satışından çoxlu sayda şikayətlər daxil olur. Son dörd ildə mürəkkəb texniki vasitələrin satışından şikayətlər birinci yerdədir. Bu sahədə çox böyük problemlər yaşanır. Çox təəssüf ki, biznes qurumları dövlətin onlara yaratdığı şəraitdən sui-istifadə edirlər. Texniki baxımdan nasaz çıxan texniki vasitələri geri qaytarmaq istehlakçı üçün ciddi problemə çevirir", - deyə Eyyub Hüseynov bildirib.
E.Hüseynov ikinci yerdə ən böyük istehlakçı şikayətlərinin xidmət sahələrindən olduğunu söyləyib. Bildirib ki, restoranlardan çoxsaylı şikayətlər daxil olur. Birlik sədri bu sahədə də istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu söyləyib.
E.Hüseynov deyib ki, iş ancaq məhkəmələrə qədər gedib çatanda istehlakçı hüququnu qorumaq olur. Bununla belə E.Hüseynov qida zəhərlənməsi zamanı istehlakçı hüququnu qorumağın çətin olduğunu söyləyib.
"Əgər bir malın sertifikatı varsa heç bir qurum bunu təkzib etmir. Ona görə də qidadan zəhərlənənlərin hüququnu qorumaq olmur"deyə o, əlavə edib.
Eyyub Hüseynov onu da əlavə edib ki, Azərbaycanda qidadan zəhərlənənlərin statistikası düzgün aparılmır.