BAKI, 21 mart — Sputnik. Mövcud yaşıl enerjiyə keçid strategiyası sərt reallıqla üzləşdikdə uğursuzluğa düçar olur. Bunu CNBC telekanalına istinadən Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin baş direktoru Əmin Nasser deyib.
Neft nəhənginin rəhbəri qeyd edib ki, qalıq yanacağa tələbat yalnız yaxın illərdə artacaq. Nasser Texas ştatının Hyuston şəhərində keçirilən CERAWeek enerji konfransında “Mənim təklifim ondan ibarətdir ki, biz neft və qazı mərhələli şəkildə ləğv etmək fantaziyasından əl çəkib, əvəzində onlara sərmayə qoymalıyıq”.
“Saudi Aramco”nun baş direktoru vurğulayıb ki, son 20 ildə enerji keçidinə 9,5 trilyon dollardan çox sərmayə qoyulmasına baxmayaraq, alternativ enerji mənbələri karbohidrogenləri əvəz edə bilməyib.
"Külək və günəş enerjisi indi ümumi enerjinin yalnız dörd faizini təşkil edir və elektrik nəqliyyat vasitələrinin payı üç faizi keçmir. Bununla yanaşı, 21-ci əsrin əvvəlindən qlobal neft tələbatı sutkada 100 milyon barel artıb", - Nasser əlavə edib.
O, həmçinin xatırladıb ki, tələb dinamikasına dünya əhalisinin 85 faizini təşkil edən, lakin bərpa olunan enerjinin inkişafına ayrılan bütün investisiyaların yalnız beş faizini alan inkişaf etməkdə olan ölkələr təsir edəcək. Şirkət rəhbərinin sözlərinə görə, əsas diqqəti neft və qazdan istifadənin səmərəliliyinin artırılmasına, eləcə də onlardan emissiyaların azaldılmasına yönəltmək lazımdır.