BAKI, 20 mart - Sputnik. Özəl iqtisadiyyatda məcburi əmək ildə 236 milyard dollar qeyri-qanuni gəlir gətirir, Avropa və Mərkəzi Asiya məcburi əməyin ən çox gəlir gətirdiyi regionlardır. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) BMT-dəki saytında dərc edilmiş hesabatda deyilir.
“Özəl iqtisadiyyatda məcburi əmək ildə 236 milyard dollar qeyri-qanuni gəlir gətirir. Məcburi əməkdən əldə edilən qeyri-qanuni gəlirin ümumi məbləği 2014-cü ildən bəri 64 milyard dollar (37%) artıb ki, bu da həm məcburi əməyə cəlb olunanların sayının artması, həm də insanların istismarından əldə edilən gəlirlərin artması ilə əlaqədardır” - sənəddə deyilir.
Təşkilat hesab edir ki, hazırda insan alverçiləri və cinayətkarlar on il əvvəl inflyasiyaya uyğunlaşdırılmış 8200 dollar əvəzinə qurban başına təxminən 10.000 dollar qazanırlar.
Qeyd olunur ki, 2021-ci ildə 27,6 milyon insan məcburi əməyə cəlb edilib. 2016-2021-ci illər arasında belə işə məruz qalanların sayı 2,7 milyon nəfər artıb.
Məhz Avropa və Mərkəzi Asiyada məcburi əməkdən illik qeyri-qanuni qazanc ən yüksəkdir (84 milyard dollar). Asiya-Sakit Okeanda bu rəqəm 62 milyard dollar, Amerikada 52 milyard dollar, Afrikada 20 milyard dollar və Ərəb Dövlətlərində 18 milyard dollar təşkil edir" - hesabatda qeyd olunur.
Məhsul qadağası
Aİ Şurası və Avropa Parlamenti (AP) Avropa İttifaqında məcburi əməyindən istifadə etməklə istehsal olunan məhsulların qadağan edilməsi ilə bağlı ilkin razılığa gəlib. Yeni qaydalara əsasən, istehsalında məcburi əməyindən istifadə edilməsində şübhəli bilinən istənilən məhsul araşdırmaya qədər Avropa bazarından çıxarılacaq.
Qanun pozuntuları təsdiqlənərsə, belə mallar məhv ediləcək. İstisna pozuntular aradan qaldırılana qədər təxirə salınacaq əsas əhəmiyyətli mallar və ya strateji mallar olacaq. Məcburi əmək qaydalarını pozan şirkətlər cərimələnə bilər.
Hazırda yeni qaydalar Aİ Şurası və Avropa Parlamenti tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir, bundan sonra onlar rəsmi jurnalda dərc olunacaq və qüvvəyə minəcək. Bundan sonra Aİ ölkələrinin onları praktikada tətbiq etmək üçün üç il vaxtı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.