DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan NATO ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır - Paşinyan

Ermənistan baş naziri deyib ki, Ermənistan regional proseslər kontekstində öz müdafiə qabiliyyətini inkişaf etdirməyə çalışır.
Sputnik
BAKI, 19 mart — Sputnik. Ermənistan NATO ilə uyğunlaşdırılmış tərəfdaşlıq planının tezliklə təsdiqlənəcəyinə ümid etdiyini bildirib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə deyib.
"Ümid edirik ki, Ermənistan və NATO arasında yeni əməkdaşlıq formatı - uyğunlaşdırılmış fərdi əməkdaşlıq planı tezliklə təsdiqlənəcək", - Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistan NATO ilə siyasi dialoqun davam etdirilməsində, alyans və ayrı-ayrı üzv ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır.
Onun sözlərinə görə, Ermənistan regional proseslər kontekstində öz müdafiə qabiliyyətini inkişaf etdirməyə çalışır. "Söhbət zamanı Ermənistan Silahlı Qüvvələrində islahatlar layihəsinə toxunduq. Qeyd etdim ki, bu proses heç kimə qarşı yönəlməyib və Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlib", - Paşinyan bildirib.
Ermənistanla NATO ölkələri arasında 2005-ci ilin dekabrında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (FTFP) mövcuddur. Ermənistanın FTFP-də iştirakı regional təhlükəsizlik, bu təhlükəsizlik strategiyasının hazırlanması, Ermənistanın hərbi doktrinasının inkişafı, müdafiə və büdcə planlaşdırılması prosesinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı NATO ilə vaxtaşırı məsləhətləşmələri nəzərdə tutur.