BAKI, 16 mart - Sputnik. Rusiyada çox işgüzar və sakit mühitdir, vətəndaşlar böyük həvəslə seçkidə iştirak etmək istəyirlər.
"Report" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiyada keçirilən prezident seçkilərini izləyən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bu gün demokratik ölkələr üçün ən böyük problem odur ki elektorat seçkidə iştirak etməkdə bir o qədər həvəsli deyil:
“2008-ci ildən parlamentlərarası assambleyanın xətti ilə MDB ölkələrinin seçkilərində müşahidəçi kimi iştirak etmişəm. İnkişaf etmiş ölkələrdə 32 faiz seçici gələndə böyük qələbə sayılır, MDB ölkələrində görürsən ki 60-70 faizi də keçir. Bu gün bir neçə seçki məntəqələrinə baş çəkdik. Cənab Slutski ilə görüşdük. Sabah kifayət qədər işgüzar gün olacaq”, - deputat deyib.
O qeyd edib ki, Rusiyanın seçki prosesində elə bir elementlər tapmaq olar ki, o, Azərbaycan üçün də yararlı ola bilər:
“Azərbaycanda da dünyanın seçki sistemlərinin hamısı tətbiq olunur. Çalışacağıq ki hər hansı bir yeniliyi görsək, onu özümüzdə tətbiq edək".
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.