BAKI, 15 mart-Sputnik. 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib:
“Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri-neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.
Əli Əsədov qeyd edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd. manat artırılıb ki, bu da nəzərdə tutulan hədəflərə çatmağa imkan verib. Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35.6 mlrd. manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 mlrd. manat (və ya 16%) çoxdur.
Baş nazir deyib ki, xərcləri 36,5 mlrd. manat və ya 99,5% səviyyəsində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4,4 mlrd. manat (və ya 13,7%) çoxdur:
“Eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.