BAKI, 13 mart — Sputnik. "Bir qutusu 73 manata olan "Sincardi" dərmanı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirdikləri dərman isə 230 manatdır. Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, bundan öncə başqa dərmanla da bağlı çıxış edib: "O məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Bilmirəm, burada hansı şirkətlər oyunlar oynayır. Bir dərman əvəzinə 3 dəfə baha olan dərman gətirib satırlar".
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, bu hadisələrin baş verməməsi üçün işlər görülür.
Qeyd edək ki, "Sincardi" diabet xəstələri üçündür. İnsulindən asılı olmayan diabet xəstələrində qlikemik indeksə nəzarəti yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Qlikemik indeks karbohidrat ehtiva edən qidaların orqanizmdə qan şəkərini nə qədər artırdığını təyin edən ölçüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.