RUSİYA

Rusiya XİN: İsveçrə səfirinə Rusiya aktivləri ilə bağlı qərar barədə etiraz edilib

Bəyanatda deyilir ki, Bernin bu cür planların əməli şəkildə həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri də qaçılmaz olacaq.
Sputnik
BAKI, 12 mart — Sputnik. İsveçrənin Rusiya Federasiyasındakı səfiri Kristina Marti Lanq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona İsveçrə parlamentinin öz ölkədəki Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin əsaslarının işlənib hazırlanmasına başlamaq qərarına görə etiraz təqdim edilib.
"Martın 12-də İsveçrənin Moskvadakı səfiri K.Marti Lanq İsveçrə Konfederasiyasında yerləşən Rusiya dövlət aktivlərinin müsadirə edilməsinə imkan verən mexanizmin hüquqi əsaslarının işlənib hazırlanması təşəbbüsü ilə bağlı İsveçrə parlamentinin qərarına etiraz təqdim etmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb" - Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Səfirə bildirilib ki, Rusiya tərəfi İsveçrə hakimiyyətinin dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir.
Rusiya XİN-dən qeyd edilib ki, "hər hansı bir uydurma "təzminat mexanizmi" altında Rusiya dövlət mülkiyyətinə edilən hər hansı hücum dövlət səviyyəsində oğurluqdan başqa bir şey olmayacaq".
"Qeyd edilib ki, Bern tərəfindən bu cür planların əməli şəkildə həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri də qaçılmaz olacaq" - bəyanatda deyilir.