BAKI, 9 mart - Sputnik. Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə dair konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov
© Photo : AZERTAG
O, qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50 faizdən çox olur.
Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrı-seçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliya, İspaniyadan olan miqrantlara üstünlük verirlər.
Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir.
Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.