CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil sektorunda gender bərabərliyi pozulub-Sədr müavini

Sədaqət Qəhrəmanova bildirib ki, kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var.
Sputnik
BAKI, 5 mart — Sputnik. Azərbaycanda kişi müəllimlərin sayı azalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən "Standartlaşdırmada gender bərabərliyi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ümumilikdə təhsil sektorunda gender bərabərliyi pozulub: "Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Lakin təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. Bu balans pozulub. Biz dörd ildir gender bərabərliyi ilə bağlı qanunun icrası üçün məlumatlar toplayırıq".
Qeyd edək ki, ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır. Ümumilikdə, hazırda Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini qadınlar, 29 faizini isə kişi müəllimlər təşkil edir.