BAKI, 5 mart — Sputnik. Bu gün Azərbaycanda "Od çərşənbəsi" qeyd olunur. Sputnik Azərbaycan xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, fevralın 22-i Su çərşənbəsi qeyd olunub. Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. Od çərşənbəsi "Boz ay"da qeyd edilən ikinci çərşənbədir.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarı yandırırlar.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərinin sayı barədə açıqlama yayıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mart ayının 20, 21, 22, 23, 24-nün Novruz bayramı olduğu qeyd olunub.
Bildirilib ki, martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.