"Ümumtəhsil müəssisəsində hər hansı fənn üzrə müəllim çatışmazlığı yaşanırsa, Elm və Təhsil Nazirliyi tərəfindən həmin yer vakant olaraq müsabiqəyə çıxarılır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, məktəbin yerləşdiyi ərazinin relyef şəraitindən asılı olaraq, müsabiqə iştirakçılarına xüsusi həvəsləndirmə tədbirləri də şamil olunur. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda, məktəbə ən yaxın məsafədə yerləşən digər məktəbdən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya məktəbdaxili yaxın ixtisaslı digər fənn müəllimlərinin vakant olan fənnin tədrisinə cəlb olunması mümkün ola bilər".
"Vətəndaşın əsas şikayəti müvafiq fənnin digər ixtisaslı kadr tərəfindən tədris edilməməsi ilə bağlıdır. Bir sözlə, istinad edilən qanunvericilik aktının müvafiq müddəası qeyd olunan problemin həlli yolu kimi çıxış edə bilməz. Belə halların davamlı olmasını və təhsil hüququna neqativ təsirini nəzərə alaraq, kənd rayonlarında, xüsusilə ucqar yaşayış məntəqələrində yerləşən ümumi təhsil müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsinə, bu məqsədlə kadrların işə cəlb olunmasının stimullaşdırılması məsələlərinə diqqət artırılmalıdır".
"Ona görə də, belə məktəblərdə kortəbii surətdə tarix müəllimi biologiya fənnini, fizika müəllimi isə Azərbaycan dili fənnini tədris edir. Əgər bir məktəbdə tarix müəllimi yoxdursa, coğrafiya müəllimi tarix fənnini tədris edə bilər. Kimya müəllimi biologiya fənnini, riyaziyyat müəllimi informatika fənnini, fizika müəllimi riyaziyyat dərsini tədris edə bilər. Ən azı, fənlər arasında yaxınlıq olmalıdır ki, müəllim həmin fənni tədris edərkən çətinlik çəkməsin, dərsi şagirdə izah edə bilsin. Amma təəssüf ki, bu kimi məqamlar ucqar dağ kəndlərində var. Ona görə də çıxış yolu vakant fənn müəllimləri ştatları üzrə dərs saatlarını artırmaqdır".