BAKI, 2 mart — Sputnik. “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27000 bilet satılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq.
24.02.24
Klubların UEFA reytinqi açıqlanıb.
"Report" xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən “Qarabağ” siyahıda irəliləyib.
Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub “Fənərbağça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə, Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.
Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib.
Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib. “Köhlən atlar” “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) geridə qoyub.
23.02.24
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində "Qarabağ"ın rəqibi bəlli olub.
"Qarabağ" 1/8 final mərhələsində "Bayer"lə (Leverkuzen, Almaniya) qarşılaşacaq.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələri:
"Vest Hem" (İngiltərə) - "Frayburq" (Almaniya)
"Brayton" (İngiltərə) - "Roma" (İtaliya)
"Atalanta" (İtaliya) - "Sportinq" (Portuqaliya)
"Reyncers" (Şotlandiya) - "Benfika" (Portuqaliya)
"Liverpul" (İngiltərə) - "Sparta Praga" (Çex Respublikası)
"Vilyarreal" (İspaniya) - "Olimpik Marsel" (Fransa)
"Slaviya Praqa" (Çex Respublikası) - "Milan" (İtaliya)
"Bayer Leverkuzen" (Almaniya) - "Qarabağ" (Azərbaycan)
Qeyd edək ki, "Qarabağ" və "Bayer Leverkuzen" qrup mərhələsində eyni qrupda mübarizə aparıb.
Səfərdə Portuqaliya "Braqa"sını 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
“Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.