İQTİSADİYYAT

Rusiyanın benzin ixracına qadağa qoyması Azərbaycana necə təsir edəcək?

Ekspert deyib ki, 2024-cü ildə də Azərbaycanda eyni tendensiya ilə benzin idxalında azalma planlaşdırılırsa, Rusiyada benzin ixracına qadağa qoyulması ölkəmiz üçün narahatçılıq yaratmır.
Sputnik
BAKI, 1 mart — Sputnik. Rusiya bu ilin martın 1-dən altı ay müddətinə avtomobil benzininin ixracına qadağa qoyub. RF hökuməti qərara gəlib ki, yay tətili və tarla işləri, eləcə də neft emalı zavodlarında planlı təmir işləri zamanı tələbatın artmasını kompensasiya etmək lazımdır.
Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı ölkələrinə (Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan), həmçinin Monqolustana, Özbəkistana şamil edilməyəcək.
Bəs, maraqlıdır Rusiyanın benzin ixracına qadağa qoyması Azərbaycana necə təsir edəcək?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan idxaldan asılılığın azaldılması və ümumiyyətlə, idxalın diversifikasiya olunması strategiyasını yanacaq məhsullarına, o cümlədən benzinə də şamil edib:

"Biz bunu əvvəlki illərin statistikasında davamlı olaraq görürük. Məsələn, Azərbaycan Rusiyadan 2021-ci ildə 148000 tona yaxın, 2022-ci ildə 100000 tona yaxın, 2023-cü ildə isə 40,2 min ton "Aİ-95" premium markalı benzin idxal edib. Deməli, 2022-ci ildə 40 faizədək, 2023-cü ildə isə 60 faizədək Rusiyadan idxal azalıb. 2023-cü ildə Rusiyadan "Aİ-92" markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27 faizinə bərabər olub. Bu, o deməkdir ki, Azərbaycan bu istiqamətdə idxaldan asılılığı azaldır. 2024-cü ildə də Azərbaycanda eyni tendensiya ilə benzin idxalında azalma planlaşdırılırsa, Rusiyada benzin ixracına qadağa qoyulması ölkəmiz üçün narahatçılıq yaratmır".

İqtisadçı-ekspert Eldəniz Əmirov
"2027-ci ildən istehsalın tam gücü ilə başlaması planlaşdırılır"
Ekspert bildirib ki, yerli benzin istehsalı ilə bağlı mövcud zavodlarda yenidənqurma işləri aparılır və 2027-ci ildən istehsalın tam gücü ilə başlaması planlaşdırılır:
"Əvvəlki açıqlamalarda bildirilirdi ki, 2027-ci ildə zavodlarda modernləşmə işləri yekunlaşaraq yüksək oktanlı benzinlərin kütləvi istehsalına başlaması nəzərdə tutulur".
"İdxalda azalma davamlı xarakter daşıyır"
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Sputnik Azərbaycan-a bildirib ki, keçən il Azərbaycan xaricdən ümumilikdə 86000 ton "Aİ-95" premium markalı benzin (illik müqayisədə 13,5 faiz azalma), 2000 ton "Aİ-98" super markalı benzin idxal edib:

"Yəni yüksək oktanlı benzin markalarının ümumi idxal həcmi 88000 ton olub. İdxalda azalma davamlı xarakter daşıyır. Çünki 2022-ci ildə də 2021-ci ilə nisbətən yüksək oktanlı benzin idxalı azalmışdı. Pik dövrdə yüksək oktanlı benzinin ölkəyə ümumi idxal həcmi 98000 ton olub".

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
"Daxili bazarda problem olmayacaq"
Ekspert diqqətə çatdırıb ki, Rusiyadan Azərbaycana idxal olunan yüksək oktanlı benzinin ümumi benzin idxalındaki xüsusi çəkisi 47 faiz təşkil edir:

"Azərbaycan bir çox ölkələrdən benzin idxal edir, bunların içərisində Belarus, Rumıniya, Yunanıstan, Gürcüstan və digərləri var. Ona görə də bu istiqamətdə Azərbaycan üçün hansısa problem yoxdur, bu, şaxələndirilmiş idxaldır. Digər tərəfdən, bu il ötən illə müqayisədə daha az həcmdə yüksək oktanlı benzin idxalı olmalıdır. Çünki təxminən bu ilin dördüncü rübü üçün artıq Azərbaycan yüksək oktanlı benzinin istehsalını həyata keçirəcək. Ona görə də daxili bazarda problem olmayacaq".

Azərbaycan Rusiyadan nə qədər benzin idxal edib?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycan Rusiyadan 17387 ton "Aİ-92" markalı, 40261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.
Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.
"Aİ-92" benzinin qiymətini Tarif Şurası müəyyən edir
Xatırladaq ki, Azərbaycanda "Aİ-92" markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb.
Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
"Aİ-95" və "Aİ-98" benzinlərin qiymətini isə dövlət tənzimləmir
2022-ci ilin iyul ayında Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib. "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.
Azərbaycanda benzin istehsalı artır
Əlavə edək ki, ötən il Azərbaycanda illik müqayisədə avtomobil benzininin istehsalı 13,4 faiz artaraq 1,4 milyon ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Rusiyadan benzin ixracına qadağa aradan qaldırıldı: Bu, Azərbaycan üçün nə deməkdir?