CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər - Gigiyena və Epidemiologiya Mərkəzi

Eldar Abdullayev deyib ki, təhsil müəssisələrinin anbarlarının yuyulmasını Elm və Təhsil Nazirliyi təmin etməlidir.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Binalara verilən su həmin mənzil-tikinti kooperativinin (MTK) anbarına verilir.
Bunu Milli Məclisdə keçirilən "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Eldar Abdullayev deyib.
O bildirib ki, anbar MTK-nın tabeliyindədir: "Həmin MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər. Standarta görə isə həmin anbarlar ildə 1 dəfə yuyulmalıdır. Amma bu, təmin edilmir. MTK-larda monitorinq aparılmasına çətinlik törədilir, ancaq şikayət olanda bizim qurum MTK-larda monitorinq həyata keçirir".
Eldar Abdullayev təhsil müəssisələrinin anbarlarının yuyulması ilə bağlı problemə də toxunub: "Bunu Elm və Təhsil Nazirliyi təmin etməlidir".
Qeyd edək ki, fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak edirlər.