CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erkən nikahla bağlı mərasimlərə görə məsuliyyət müəyyən edilməlidir - Dövlət Komitəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri bildirib ki, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi də təklif edilir.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.
Onun sözlərinə görə, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur.
O deyib ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. 2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib:
"Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb".